Şəki haqqında məlumat

Şəki- məlumatlar,tarixi,dövlət idarələri,unvanlar,otellər,evlər,elanlar

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir.

      Rayonunun ərazisi 2,43 min kvadrat km-dir. 01.01.2016-cı il tarixə əhalinin sayı 182709 nəfər olmuşdur. Əhalinin 37 faizi şəhərdə, 63 faizi isə kənddə yaşayır.

      Rayonda 71 yaşayış məntəqəsi var. Onlardan 1-i şəhər, 2-si qəsəbə, 68-i kənddir.

              Şəhər eyni zamanda respublikanın iri kənd təsərrüfatı və sənaye rayonlarından biridir. Əhalinin əsas hissəsi kənd təsərrüfatı ilə məşğuldur, həmçinin sənaye sahəsində, tikintidə, ticarətdə, ictimai iaşədə, təhsildə, səhiyyədə və digər sahələrdə çalışır. Həmçinin turizm sənayesi bu şəhərdə iqtisadiyyatın prioritet hissəsini təşkil edir.

Kənd təsərrüfatı sahəsində çalışanlar əsasən taxılçılıqla, heyvandarlıqla və meyvəçiliklə məşğuldur. Sənaye sahəsində ipəkçilik güclü inkişaf etmişdir. İpəkçilik bütün tarixi dövrlərdə Şəkinin iqtisadi həyatında mühüm yer tutmuşdur.  İpəkçiliklə yanaşı yeyinti sənayesi, tikinti materiallarının istehsalı da inkişaf etmişdir.

       Bütün bu sadaladıqlarımızla yanaşı bölgənin mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəzi hesab olunur. Bu gün qədim şəhər şəhəri orta əsr şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir

             Azərbaycan xalqı özünün çoxəsrlik tarixi ərzində zəngin sənət irsi yaratmışdır. Bu böyük sərvətin xeyli hissəsi nəsildən –nəslə keçərək bizim dövrümüzədək gəlib çatmışdır. Sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri də qədim Şəki şəhəri olmuşdur.

Qədim və orta əsr sənətkarlarının misilsiz sənət ənənələrini, onların əməli təcrübəsini davam etdirən sənətkarların fədakar əməyi sayəsində bu şəhərdə zəngin tarixi-mədəni irs yaranmışdır. Şəhərin sakinləri öz bənzərsiz ənənələrini və qədim sənət biliklərini bu gün də qoruyub saxlamışlar. 

Şəhərin həyatı ilə əkiz yaranan sənət sahələrinin xeyli hissəsi bizim dövrümüzədək davam etməkdə idi. Dəmirçilik, silahsazlıq, misgərlik, zərgərlik, papaqçılıq, duluzçuluq, şəbəkəçilik, xalçaçılıq və s. Qədim köklərə malik olan bir çox istehsal sahəsi şəhərin sənət məbədinin sütunlarını təşkil edir.

      Azərbaycanda bənzəri olmayan orijinal Şəki mətbəxi də bənzərsiz mədəniyyət nümunəsinə daxildir. Dünyanın bir çox ölkələrindən gələn kulinariya qurmanlarını da mətbəxinin nəfisliyi və xörəklərinin    zərif ətri valeh edir. Məhz bu mətbəxinə aid xörəklər – dolma, bozbaş,  piti, plov, qovurma, balva, dovğa, qazan kababı, girs(gürzə) xəngəl və s. hamı tərəfindən sevilir.

    Şəki deyəndə ilk olaraq ağlımıza özünəməxsus ləhcəsi kimi şirin halva gəlir.  Bu gün şəhərdə 60-a yaxın halva sexi var. Sexlərin əksəriyyəti ustaların ya a tasının, ya da babasının adını daşıyır. Bu da əlbəttə həmən ustanın halvaçılar nəslindən olduğuna işarədir.

    Eyni zamanda şəhər Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. İl boyu burada çoxlu sayda mədəni-kütləvi tədbirlər keçirilir. Artıq bu qədim şəhər Azərbaycanda Festivallar şəhəri kimi tanınır.

Hər il iyun ayının sonu iyul ayının əvvəlində Şəki Beynəlxaq Musiqi Festivalının, iyulun 20-də Beynəlxalq Şirniyyat festivalının, avqustun sonu Beynəlxalq Qafqaz motofestivalının keçirilməsi, həmçinin Şəhər gününun qeyd olunması ənənə şəklini almışdır.

     Qeyd etmək istəyərdik ki, şəhərdə müxtəlif mədəniyyət müəssisələri mövcuddur. Burada Sabit Rəhman adına Dövlət Dram Teatrı, Dövlət Rəsm Qalereyası, muzeylər, kitabxanalar, bir ali məktəb, kolleclər fəaliyyət göstərir.

     Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri ilə məşhur olan Şəki, həm də ölkəmizin mühüm turizm mərkəzlərindən biridir. Hər il bu bölgəyə 100 mindən artıq turist gəlir. Burada bir sıra məhmanxana və istirahət mərkəzləri fəaliyyət göstərir.

     2010-cu ildə qədim şəhərimiz “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilmişdir.

    TÜRKSOY-un Rusiya Federasiyasının Tatarıstan Respublikasında keçirilən IV seminarının yekun rəyinə əsasən şəhər türk dünyasının 2012-ci il üçün qeyri-maddi mədəni irs paytaxtı elan olunmuşdur.

     2012-ci ildə bu şəhərin  dünya əhəmiyyətli abidəsi olan – “Şəki Xan Sarayı”nın 250 illik yubileyi büyük təntənə ilə qeyd edilmişdir.

     Qədim məskən hesab olunan şəhər eyni zamanda Azərbaycan elminə, mədəniyyətinə görkəmli şəxslər bəxş etmişdir. Bu torpaq Mirzə Fətəli Axundzadənin, Sabit Rəhmanın, Fuad Əbdürəhmanovun, Bəxtiyar Vahabzadənin, Rasim Ocaqovun, Şəfiqə Axundovanın ana vətəni hesab olunur.   

Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2012-ci ildə Şəkidə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş geniş bayram tədbiri keçirilmiş, M.F.Axundzadənin ev muzeyinin açılışı olmuşdur.

      2015-ci ildə Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

     Bu il yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında”  Sərəncam imzalamışdır.

     Hazırda şəhərin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində iş aparılır.