Categories
Tarixi abidələr

Alban məbədi

Bu məbəd Kiş kəndinin Maflar məhəlləsində yerləşir.Məbəd ərazisini əhatə edən divarlarin qaliqlari bəzi yerlərdə indi də qalmaqdadir.Bu divar qalıqlar məbəd-kilsənin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir.

Bütün bunlar onun tarixən müqəddəs dini mərkəz olmasından xəbər verir.Məbəd-kilsənin qülləsi,qülləyə bitişik divarlar yerli materialla şırım daşla hörülmüş və kirəclə suvanmişdir.Qülləyə bitişik salonun üstü iri, yonma şirim daşlarla örtülüb.

Bunu qurbangah və ya nəzir-niyaz daşı adlandırırlar.Qüllənin divarları iç tərəfdən metal pulları cəzb etmək xüsu-siyyətinə malikdir.Bunu nəmliklə,uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi,qüllə daxilində hava cərəyanı ilə izah edirlər.Bu cür magik xüsusiyyətlərinə görə məbəd-kilsə ocaq,pir və ziyarət kimi müqəddəs yerlərdən biri hesab olunur.

Yerli əhali divarların metal pulu cəzb etmə əlamətini belə mənalandırır:”Ziyarətə gələn şəxs ürəyində nə isə bir niyyət tutur,onun yapışdırmaq istədiyi pulu divar cəzb edərsə,niyyəti baş tutacaqdır”.Məbəd-kilsənin bu günə qədər yerli əhali tərəfindən qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır ki,bu da onun aktivliyi ilə üzvi surətdə bağlıdır. 

1981-ci ilin dekabrında Azərbaycan EA Tarix İnstitunun əməkdaşı Aliyə Qaraəhmədovanın rəhbərliyi ilə aparılan kəşfiyyat xarakterli arxeoloji qazıntılar məbəd-kilsənin bünövrəsinin kasa şəklində və ya gəminin suda olan hissəsi şəklində olduğunu sübut etdi.

Çox qəribədir ki,misir ehramlari da bu cür bünövrə üzərində qurulmuşdur.Qafqaz albaniyasında xristianlığın yayılma tarixindən bəhs edən VII əsr alban tarixçisi Moisey Kalankaytuklu “Alban tarixi” əsərində miladin 50-70-ci illərində baş verən hadisələri təhlilə ehtiyacı olan faktlarla təsvir edir.

İsa peyğəmbərin sevimli şagirdlərindən Faddey şərqə xristian təlimini yaymağa göndərilir. Artazda erməni çarinin əli ilə öldürülür.Faddeyin şagirdi müqəddəs Yelisey müəllimini müşayiət etdiyi üçün bu qanli cinayətin şahidi olur.

Qüdsə qayidib baş verən hadisələri hamıya söyləyir.İsa peyğəmbərin qardaşı müqəddəs ruh naminə şərqə şəhid müəllimi Faddeyin missiyasini davam etdirməyə göndərilir.O,Qüdsdən İrana keçir və qanlı terrorun qurbanı olmasın deyə ermənilərin gözündən qaçaraq Samur çayının cənubunda yerləşən Maskuta,oradan da Dərbəndə gəlir.

Xristian təlimini yaymağa və şagird toplamağa başlayir.Sonra  3 nəfər şagirdi ilə birlikdə indiki Ağdaşın yaxınlığındakı Surxarn qalasına gəlir.Onu və xristian təlimi yayan şagirdlərini valideynləri və qohumları təqib edir,hətta, şagirdlərdən biri şəhid olur.

Digər iki şagirdini isə aparib gedirlər.Bundan sonra müqəddəs Yelisey gəlib Kişə çıxır.”Albaniya tarixi” əsərində kişin şərqin bütün kilsələrinin  və şəhərlərinin başlanğıcı,xristianlığın qəbul edilməsində ilk mənbə olduğunu çox böyük fəxrlə təsdiq edir.

Bundan sonra müqəddəs Yelisey Samur çayı dərəsi tərəfə getdiyi zaman bütpərəstlər tərəfindən öldürülür.Ümumiyyətlə,məbədin yaranma tarixi Qafqaz Albaniyasinda xristianlığın yayılma tarixi ilə bağlıdır.Kilsənin əsası təqribi hesablamalara görə birinci əsrdə qoyulub.Kilsənin təməlinin qoyulma tarixi qaynaqlara görə Qafqazda xristianliğin ən qədim abidəsidir.

Abidənin bədii əhəmiyyəti onun erkən orta əsrlərdə yaranmış ilk “günbəzli zal” tipli məbədlərdən biri olmasıdır.Kilsənin hörgüsünün Mamrux və Kilsədağ məbədlərindəki  divar hörgüsünə oxşarlığı onun erkən orta əsrlərə aid olduğunu göstərir.

Eyni zamanda onun yuxarı günbəzli hissəsi və hündür şişləmələrlə tərtib olunmuş yan divarlarının yuxarı hissəsi sonrakı dövrlərə,təqribən IX-X əsrlərə aiddir.Əvvəllər məbədin ətrafinda çoxlu binalardan ibarət yaşayiş kompleksi və daş hasar olmuşdur.

Keçən əsrin 20-ci illərində kilsə məscid və məktəb kimi istifadə olunmuşdur. XX əsrin ortalarından etibarən tarixi-memarlıq abidəsi kimi qorunur.

Sonrakı dövrlərdə abidə baxımsız qaldığından dağılmaq təhlükəsi ilə üzləşirdi.Buna görə də 2000-ci ilin fevral ayından Azərbaycan-Norveç “Kiş” layihəsi üzrə iş başlanmışdır.Layihədə nəzərdə tutulduğu kimi abidənin memarlıq-arxeoloji,tarixi tədqiqi,bərpa və uyğunlaşdırma layihələrinin işlənib hazırlanmasına başlanıldı.

Arxeoloji tədqiqat zamanı məbədin qədim bünövrəsi aşkarlandı və onun I-III əsrlərə aid olduğu müəyyən edildi.Arxeoloqların topladıqları bütün materialların kompleks təhlili hazırda Kiş kəndində yerləşən müqəddəs Yelisey məbədinin IV-V əsrlərdə,eyni ölçülü,lakin qabağa çıxan apsidası olmayan daha qədim məbədin bünövrəsi üzərində tikildiyini deməyə əsas verir.

Beləliklə,bərpa işləri nəticəsində Kiş məbədi V əsrdə inşa edilmiş və XII əsrdə aparılmış yenidənqurmadan sonra mövcud olduğu şəkildə Azərbaycanda və bütün Qafqazda ən qədim xristian kilsəsinə çevrilmiş qədim bütpərəstlik məbədi olaraq əsası qoyulduğu gündən bizim dövrümüzə qədər 2000 illik tarixini yerüstü və yeraltı dəlillərini  saxlayır.