Categories
Bloq

5 milyonluq abidə

Şəkidə qonaq olarkən yəqin ki, az sayda insan ola bilər ki, Xan Sarayını ziyarət etməsin. Tariximizin əzəmət nümunəsidir. Hər dəfə ziyarət etdikdə sanki yeni bir tarix ilə rastlaşırsan. Xan çinarların ağuşunda yerləşən bina. İmarəti əhatə edən Qala. Nuxa Qalası.

Qala ilk dəfə olaraq Hacı Çələbi xanın hakimiyyəti dövründə (1743-1755) yadelli hücumlardan qorunmaq məqsədi ilə tikilmişdir. Qaladan keçib qalxdıqca qoca çinarlar ağuşunda Xan Sarayı. Çinarların 1530-cu ildə əkildiyi bəllidir. Xan çinar gövdəsi 7.3 metr, hündürlüyü 34 metrdir. Eyni zamanda bu çinarlar artıq Qırmızı kitaba əlavə edilmişdir. Həmişə Xan Sarayından danışanda və ya səyahət edəndə nədənsə Nazim Hikmətin sözləri xatirələrdə canlanır:

“Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”

Xan sarayında rəngarəng şəbəkələr, bir birindən gözəl rəsmlər, nağıllar aləmini xatırladan saray otaqları… Və ən əsas da tarix. Bu divarlar tarix şahididir. Xan sarayı ikimərtəbəli tikilidir. Saray daxilində isə, 6 otaq, dörd dəhliz, iki güzgülü eyvan var. Daha əvvəllər saray “Divanxana” adlandırılıb. Eyni zamanda tikilmə məqsədi xanın yay sarayı kimi istifadə olunmasında olub. Saray Hüseyn xan Müştaq (Hacı Çələbi xanın nəvəsi) tərəfindən tikilmişdir.

Binanın tikintisinə 1789-1790 cu illərdə başlanıb. Sarayın inşasına 32000 (otuz iki min ) çevron pul xərclənib. Onu da qeyd edim ki, 1 çevron 3,4 qram qızıl çəkidə olub, dəyəri indiki bazarla təqribi olaraq 180-210 azn aralığında qiymətləndirilir.

Sarayın birinci mərtəbəsi, geniş qəbul otağıdır. Dünyada hal hazırda belə analoqu olmayan şəbəkə ilə bəzədilib. Şəbəkə həndəsi fiqurlardan yığılan sənət əsəridir. Şəbəkə sənətkarlığında ümumi olaraq 1 kv.m üçün sadə hissələrdə 5000 daha mürəkkəb hissələrdə isə 14000 ağac və şüşə element vardır.

Bu sarayın digər maraqlı tərəfi isə, tikintidə bir dənə belə olsa nə yapışqan nə də mismardan istifadə olunub. Divarlarda və tavanda həndəsi fiqurlar və təbiət naxışları,  sujetli rəsmlər, döyüş və ov səhnələri əks olunub. Eyni zamanda divarlarda zövqlə işləmiş taxçalar, güzgülü buxarılar sənət nümunəsidir. Taxçalar Nizami Gəncəvinin “Leyli və Məcnun” poemalarına çəkilmiş illustrasiyalarla bəzədilib.

Diqqət çəkən məqamlardan biri də şəkillərin əksəriyyətində nar meyvə rəsminin təsvir olunmasıdır. Nar – bolluq və bərəkət rəmzi hesab edilir.

Hüseyn xan eyni zamanda “Müştaq” təxəllüsü ilə şeirlər yazıb. Məhz bu xüsusiyyətə görə saray bəzi yerlərdə “Müştaq imarəti” kimi təsvir olunur. Saray memarı bu möhtəşəm sənət əsərinin memarı isə Şirazlı Zeynalabdindir. Saray rəsmləri sonralarda ancaq dəfələrlə bərpa edilib.

Eyni zamanda bu sarayın bərpasında çalışan ustalar öz imzalarını qeyd ediblər. Şuşalı usta Qəmbər, Şamaxılı ustalar Əliqulu və Qurbanəli, rəssam-nəqqaş Mirzə Cəfərin adları qeyd olunub.

Xan sarayının yaxınlığında yerləşən Dairəvi məbəd də qədim tarixə malikdir. Məbəd əsasən V – VI əsrlərə aid edilir. Lakin 1828 ci ildə ruslar xaç formasında artırmalar edərək bu tikilini pravoslav kilsəsinə çeviriblər.

Bundan sonra Rusiya imperiyası dövründə tikilinin arxasındakı torpaq sahəsində Nuxada vəfat etmiş yüksək çinli rus məmurlar dəfn edilirdi. Hazırda bu məbəd Şəki Xalq tətbiqi sənəti muzeyi kimi fəaliyyət göstərir.